PƏRDƏARXASI | Şah İsmayılı öldürən Xətai - FOTOSESSİYA

PƏRDƏARXASI | Şah İsmayılı öldürən Xətai -  FOTOSESSİYA
  12 İyun 2013    Oxunub:6130
Sərsəri, girmə meydana,
Aşiq, səndən yоl istərlər.
Şahım bir yоl qurmuş gedər,
Yоl içində yоl istərlər...
Yol – təriqət... Sufi yolçusunun son məqsədə çatmaqdan ötrü kеçməli olduğu mərhələlərdən (1.Şəriət, 2.Təriqət, 3.Həqiqət, 4.Mərifət) ikincisi və ən çətini... İlk mərhələdə Allahın buyurub, pеyğəmbərin xəbər vеrdiyi qanun-qaydaları, buyruqları qavrayan sufi yola çıxır, son məqsəd olan həqiqətə, yəni Haqqın özünə çatır... Haqqa çatan Sufi günahlarını və xətalarını anlayır, Haqqı görən sufi bir də geri dönmür...

Şah İsmayıl da Çaldıran məğlubiyyətindən sonra Haqqa bax, belə çatdı, günahlarını və xətalarını gördü, xətalarını unutmamaq üçün də elə Xətai oldu... Çaldırandan sonra Şah İsmayıl, Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi deyil, Xətai oldu...

Şah İsmayılın mənsub olduğu Səfəvilər sülaləsinin sufizmdə dərin iz buraxması heç kəsə sirr deyil. Təriqət əvvəl sünni yönümlü olsa da, sonralar regiondakı duruma müvafiq olaraq şiəliyə meyl edib, şiə sufizmi kimi tanınıb. İsmayılın şiə qoluna, Əliyə məhəbbəti, səfəvilərin and yerinin “Şahi Mərdan” (Həzrəti Əlinin titullarından biri) olması da buradan qaynaqlanır.

İsmayılın atası Şeyx Heydər, babası Cüneyd tanınmış sufi övliyalar olub. Buna görə də, dünyəvi hökmdarlar dəfələrlə ata-babalarına görə İsmayıla yuxarıdan aşağı baxıb, qınayıblar. 1510-cu ildə Xorasanı tələb edən İsmayıla cavabında Özbək xanı Məhəmməd Şeybani ona dərviş kəşkülü göndərib, “dünyəvi işlərə qarışma, get baban Cüneyd kimi dərvişlik et” deyib.

İsmayıl 36 illik qısa ömrü ərzində bu dünyəvilik və dərvişlik arasında tarazlıq yaratmağa çalışıb, həm qüdrətli, işğalçı və istilaçı şah, həm də “ənəlhəqq” deyən sufi şair olmaq olmaq istəyib... Şah və Şair olmaq istəyib...

İyunun 7-də Akademik Milli Dram Teatrının səhnəsində rejissor Mikayıl Mikayılov, yazıçı Kamal Abdullanın “Hamı səni sevənlər buradadı” iki hissəli xəyali oyunu əsasında səhnələşdirdiyi “Şah və Şair” tamaşası ilə məhz bu zahir və batin ziddiyyətini aydınlaşdırmağa çalışıb.

“Ya şah olar adam, ya da şair! İkisi də bir yerdə necə ola bilər? Ya zalımsan, ya məzlum, ya zənginsən, ya fəqir” yoxsa “Ya zahir, ya batin ola bilmir. Həm batin, həm zahir olur. Şah da, şair də birdilər. Kağızın iki üzü kimi birdilər...”

“Hamı səni sevənlər burdadı” ilə Kamal Abdulla tarixə məşhur “Bizim tariximiz bizə qanun deyil” modernist fikri ilə yanaşıb, “hamının eyni cür düşündüyü yerdə, demək, heç kəs düşünmür” deyib, Yaxın Şərqin ən qüdrətli imperiyalarından birini quran, taxtda oturan Şah İsmayılın başqa, “Dəhnamə”ni yazan Xətaini başqa olduqlarını iddia edib...

Səhnədə bu sirri bizə Hacı Mir Həsən ağa Səyyahın “Sirrlərin sərgüzəşti” əsərini oxuyub, gecələr qızı – Taclı xanıma (İlahə Həsənova) nağıl edən professor - Hüseyn bəy Lələ (Vidadi Həsənov) açır, bu sirdən isə yalnız Şah ( Elşən Rüstəmov) və Şahın bənzəri Xızır (Hikmət Rəhimov ) agah olur. Səhnə arxasında, tarixi qiyafədə sirdən bixəbər olan vəzir ( Ayşad Məmmədov) həkim xalatında professorun kiçik mənzilinə girəndə təşvişə düşür, “Ruhları narahat etməyin, əlbəttə, hər zahirin bir batini var” deyir. “Xətdə kəsiklik var, deyirdim, ya demirdim” sözləri ilə otağa daxil olan zahiri usta, batini Rəhim yüzbaşı (Oqtay Mehdiyev) bütün tamaşa boyu gah şahla elçilər, gah Lələ ilə vəzir arasında bir xətt, naqil rolunu oynayır.

Əslində səhnədə görünən Şah da, Xızır da Şah İsmayılın güzgüyə düşən iki əksi kimidir... İsmayılın şah əksi çox qürurludur, məğlubiyyətlə barışmır və zəifləri sevmir... İsmayılın şair əksi mərhəmətlidir, tərəddüüdləri ilə vuruşur və qəddarlığı sevmir... Buna görədir ki, tikanlığa ilişib qalan quşcuğaz azadlığa qovuşanda Şah İsmayılın gözündə zavallı, Şair İsmayılın nəzərində isə xoşbəxtdir...

Şah taxtda və şah öz görünməyən tərəfində... Görünən tərəf, görünməyən tərəf... Şah İsmayılın görünən tərəfi taxtı, futuhatları və qurduğu böyük imperiya, görünməyən tərəfi yazdığı misraları, sevgisi və xətalarıdır.

Şeir, yazı oyununda müəllif ölü rolu oynayır... Bartın yazdığı kimi, “...müəllif öz ölümünə qədəm qoyur və yazı başlanır”... Şair İsmayıl da yazmağa başlayanda, Şah İsmayılı “öldürürdü”...

Səhnədə Çaldıran məğlubiyyətindən sonra Xızırla üzləşən, ona “sənin vaxtın yetişdi, mən gedirəm” deyən Şah əslində qalan on illik ömrünü özünə qapanıb, kitabxanalar qurub, qəzəllər, divanlar yazaraq keçirən Xətaiyə işarə edir... Xətaiyə ölməzlik gətirən misralar Şah İsmayılın qatilinə çevrilir...

Üfüq məndən qaçmadı
Məndən uzaqlaşmadı
Üfüq mənə başladı
dərdini danışmağa...



Leyla Əliyeva
Fotolar: Selcan Qurbanova

Qalereya




Teqlər:  





Xəbər lenti